Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına
əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə
infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
Bu barədə Dövlət Sərhəd
Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, fevral ayının 15-də
Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində
zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib.
Dövlət Himninin
səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda
canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Türkiyədə baş verən zəlzələ
nəticəsində həyatını itirən bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Dövlət Sərhəd
Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş
ərazilərimizdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş
növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik
edib.
Çıxışda
ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin
işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu
ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması,
hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması
üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər
çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının
dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması
bildirilib.
Vətən
Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün
də düşmən işğalından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını
təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi
vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.
Açılış
mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış
şəraitlə tanış olunmuş və xidməti mənzillərə baxış keçirilib.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.