Fevralın 19-da ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına
qəbul imtahanı keçiriləcək.
Bu barədə Dövlət
İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, magistratura səviyyəsinə
qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron,
Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil
olunacaq.
Bakalavrların
imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı
məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün
binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15
dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmırlar.
Bildiyiniz kimi,
imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da
yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin
səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar
imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın
müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən
yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil
verilir.
İmtahan binasına
mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator,
elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat
kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş
edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun
vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün
qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 24‑dən fevralın
9-dək aparılıb. İmtahanda iştirak etmək üçün 18724 bakalavr ərizə təqdim edib.
Onlardan 17190 nəfər Azərbaycan bölməsi, 1534 nəfəri rus bölməsi üzrə imtahan
verəcək. Bakalavrlardan 12292-si cari ilin, 6432-si isə əvvəlki illərin
məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı
Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3,
Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13635, Naxçıvanda 501, Gəncədə
1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda 406
bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 72 ümumi
rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi
əməkdaşı (mühafizə) cəlb olunacaq.
Ərizə vermiş
bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 13-dən etibarən DİM-in
internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan
istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada
iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar
imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə
gətirməlidirlər:
- Şəxsiyyəti
təsdiqləyən sənədin əslini;
- “İmtahana
buraxılış vərəqəsi”ni.
Göstərilən
sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan
şəxslər imtahana buraxılmayacaq.
Hazırda
imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə
əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır,
zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 18-də imtahan mərkəzləri,
zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş
Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.