Şuşa +9 °C  
2026-cı ilin sonunadək Ağdam şəhəri və ətraf kəndlərə 42 min insan köçürüləcək

2026-cı ilin sonunadək Ağdam şəhəri və ətraf kəndlərə 42 min insan köçürüləcək

İşğaldan azad edilmiş rayonların sırasında ən birinci təsdiqlənib, ictimaiyyətə təqdim olunan Baş Plan Ağdam şəhərinə məxsusdur. Ağdamda istər minatəmizləmə işlərində, istərsə də baza infrastrukturunun qurulması sahəsində vacib işlər görülüb. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması üzrə işlər görülməkdədir. Ağdamın 1 nömrəli məktəbi ilə əlaqədar yekunlaşma işləri aparılır.

Bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirib.

“Tarixi-mədəni abidələrimizdə də restavrasiya işləri aparılır. Eləcə də şəhərdaxili yaşayış məhəllələrinin konsept həllərinin işlənilməsi və işçi layihələrin irəliləməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq cari ilin ortasından bir sıra yaşayış məhəllələrinin tikintisinə başlamağı hədəfləyirik. Dövlət proqramında da göstərildiyi kimi, 2026-cı ilin sonunadək nəinki Ağdam şəhərinə, eləcə də ətraf kəndlərə insanlarımızın qayıtmasını təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Tək Ağdam şəhəri və ətraf kəndlərə 42 min insanın köçürülməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.