Şuşa +9 °C  
“Şuşanın 270 anı ” filmi şəhid pilotun ad günündə nümayiş olundu

“Şuşanın 270 anı ” filmi şəhid pilotun ad günündə nümayiş olundu

II Qarabağ müharibəsinin “Dəmir qanadlı” qəhrəmanı, 216 nömrəli məktəbin adını daşıyan ,  şəhid  pilot Ramiz Qasımovun 48 – ci doğum günü təhsil ocağında qeyd edilib. Tədbirdə Xəzər rayon icra hakimiyyətinin  başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, “Cəmiyyətin və Medianın İnkişafı” nın İctimai Birliyinin sədri, aparıcı  Lalə Azərtaş, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov,  rayonun rəhbər nümayəndələri, hərbi hissənin pilotları, şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdən öncə foyedə şəhidin övladı Qasımlı Gülanənin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar, sonra isə anım günü bədii hissə ilə davam edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanyıb, daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında şeirlər, kompozisiyalar və rəqs nümunələri rayon rəhbərliyi, qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Sonda “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı ” filmi nümayiş olunub. Filmin qəhrəmanı Natavan adlı 35-36 yaşlarında xanımdır. Əslən Şuşalıdır, Fransada yaşayır. Fotoqrafdır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natavan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. 20 yaşında ikən anasını itirib, xaricə köçüb. Filmdəki hadisələr xətti Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərdən sonra cərəyan edir. Natavan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı foto-sərgi vasitəsilə dünyaya çatdırmaqdır. Bundan başqa, filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və həmin ərazilərdə Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib. Ramiz Qasımov sentyabrın 27-də Ermənistan Ordusunun hərbi hədəflərini məhv edəndən sonra geri qayıdan zaman Tərtər rayonu istiqamətində onun və 2 nəfər heyət üzvünün olduğu Mi-8 helikopteri erməni tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünün tullanmağı əmr elədi. Özü isə surətlə hündürlüyünü itirən helikopteri Tərtər rayonunda yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə helikopter  Tərtər rayonu ərazisində boş sahəyə düşür. Kifayət qədər vaxt itirdiyi üçün isə Ramiz Qasımov ağır yaralanır.Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhidlik zirvəsinə ucalır.Prezident, ali baş komandan  İlham Əliyevin Sərəncamına əsasən Ramiz Qasımova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı"  və  "Vətən uğrunda" medalları ilə təltif edilib.