Ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat
sənədlərinin elektronlaşdırılmasına başlanılıb
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən
ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam
şəkildə elektronlaşdırılmasına başlanılıb. Vətəndaşlara məxsus ambulator tibbi
kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza
formalaşdırılır.
Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətindən verilən
məlumata görə, ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi,
göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan
verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin
qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş
sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.
Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi
tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq
poliklinikalarında başlanılıb. İlkin mərhələdə 58 min əhalinin məlumatlarının
daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq
poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi
olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13
nömrəli Uşaq poliklinikalarında da davam etdiriləcək.
Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması
istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində xidmətlər
zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni
təmin edəcək.
Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətlərin təşkili
departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə
İsmayılovanın sözlərinə görə, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən
vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada
toplanırdı: “Ambulator tibbi kitabçaların axtarılması, eyni zamanda vətəndaşın
qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni
ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin
göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Bu həkimlərə xəstələrin
əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Artıq bu
çətinliklərə son qoyulur. Ölkənin istənilən rayonunun ərazisində yaşayan
vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət
vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan
məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək
mümkün olacaq”.
Qeyd edilib ki, bu məqsədlə “E-Təbib” proqramında müvafiq həkim
səhifəsinin yaradılması ilə bağlı texniki tapşırıqlar hazırlanıb və tətbiqi
üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları
şöbəsinə təqdim olunub.