Fevralın
21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında
Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq
Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü
1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil
olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha
insanların xatirəsində canlandırır. UNESCO-nun baş konfransı tərəfindən üzv ölkələrə
bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti
ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi
ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili
Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu
qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil hər bir millətin maddi və
mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili
insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində,
mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol
oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə
qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə
qarşı birləşməyə səsləyir.
Builki Beynəlxalq Ana Dili Günü
“Çoxdilli təhsil - təhsilin transformasiyası zərurətdir” mövzusuna həsr edilib.
Beynəlxalq Ana Dili Günü münasibətilə UNESCO-nun Baş direktoru Odre Azule dünya
ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, ana dilində təhsil
şəxsiyyətin hərtərəfli inkişafının ayrılmaz tərkib hissəsi və dil irsinin ötürülməsində
mühüm vasitəsidir. Dünyadakı tələbələrin 40 faizinin danışmağı asan hesab
etdikləri və ya ən yaxşı başa düşdükləri dildə təhsil almaq imkanı yoxdur. Bu
vəziyyət öyrənməyə əhəmiyyətli dərəcədə maneə törədir, eyni zamanda,
bəşəriyyətin dil irsinə ciddi ziyan vurur. Ona görə də təhsilin
transformasiyasının nəzərə alınması zəruridir. Bununla belə, geniş ictimaiyyəti
dünyamızın bənzərsiz və eyni zamanda, həssas olan dil və mədəni müxtəlifliyinin
dəyəri haqqında maarifləndirmək də vacibdir. Axı bəşəriyyətimizin danışdığı
7000-dən çox dilin hər biri dünyanın, əşyaların, canlıların, xüsusi təfəkkür və
hisslərin bənzərsiz obrazlarını daşıyır, ona görə də hər hansı bir dilin yoxa
çıxması əvəzedilməz itkidir. Bu kontekstdə UNESCO-nun rəhbərlik etdiyi Dünyanın
Yerli Dillərinin Beynəlxalq Onilliyi (2022-2032) beynəlxalq ictimaiyyətə
dünyanın mədəni müxtəlifliyinin mühüm komponentinin qorunub saxlanılması üçün
səfərbər olmağa mühüm imkan yaradır.
Azərbaycanda ana dilinin
hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə
yol tapması dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin
dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin
əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev həmin il Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində
Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə
də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin
dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.
2002-ci il sentyabrın 30-da
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi
dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf
etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni
özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu
sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz
məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri
Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”,
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş
istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”
sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və
bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Qeyd edək ki, həmin Fərmandan
irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı
ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq
Mərkəzi yaradılıb. Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin
düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirir.