Əsrlərin
sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan,
bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin
canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili,
baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni
gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə,
Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib,
sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə
əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları
müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri
olan su, od, yel, torpaq çərşənbələri yaranıb.
Fevralın 21-i Novruzun ilk
çərşənbəsi – su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də
deyirlər.
Su çərşənbəsi ilə bayrama
hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su
ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir
daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik
gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd
müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl
çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya
tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı
izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil
edir.
Su üstündən atlanmaq,
arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və
s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir
dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər,
su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal
qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün
insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Əzəl Çərşənbəniz mübarək!
Ömrünüz su qədər uzun və pak olsun!
Qeyd edək ki, fevralın 28-də
Od, martın 7-də Yel, martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd
olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz
fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf
edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17
saat 33 dəqiqə 23 saniyə olacaq.
Dumanlı Şuşa