Azərbaycanın teatr və
kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr
festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.
Bu barədə Azərbaycan
Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə
xərçəngindən müalicə olunurdu.
Ramiz Novruzov 25 may
1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu
fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda
təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına
Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad",
M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General
Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa
edib.
O, 1981-ci ildə
Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk
günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb
xarakterli rollar tapşırılıb.
Teatr sənətindəki
xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar
artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq
görülüb.