Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı
Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu ehtimal edilən ərazi minalardan
təmizlənir. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi
prosesi davam etdirilir. Kənddə işlərin daha da sürətli aparılmasına səbəb isə
Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilən soydaşlarımızın bu ərazidə
kütləvi şəkildə basdırılmasıdır.
Azərbaycan Minatəmizləmə
Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun meneceri Habil Babayev
bildirib ki, kütləvi məzarlığa dair məlumatlarla əlaqədar ilkin olaraq 4 hektar
ərazinin minalardan təmizləməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, bu
günə qədər aparılan təmizlənmə əmnəliyyatları zamanı ərazidə minaların daha sıx
döşəndiyi aşkarlanıb: “Əməliyyatın başladığı 10 gün ərzində ərazinin 10-15
faizi təmizlənib və 59 ədəd tank əleyhinə mina aşkar edilib. Ərazilərin
minalarla kütləvi çirkləndirilməsinin səbəbi isə burada mövcudluğu ehtimal
edilən kütləvi məzarlığın olmasıdır. Bu ərazidə hazırda tank əleyhinə minalar
gözlə görünür. Burada minaların kütləvi basdırılmasının səbəblərindən biri də
azərbaycanlıların haçansa öz yaxınlarının qəbirlərini axtaracaqlarına görədir”.
Agentlik rəsmisi qeyd
edib ki, ərazi minalarla tamamilə çirkləndirilib. Qurum təmsilçisinin sözlərinə
görə, hələ ki ərazinin 10–15 %-i təmizlənib: “Nəzərə alsaq ki, indiyədək burada
59 ədəd mina tapılıb, bu da o deməkdir ki, qarşıdakı günlərdə buradan xeyli
sayda mina və partlamamış hərbi sursatların aşkarlanması ehtimalı çox
yüksəkdir”.
Bu vaxta qədər
əməliyyatların aparıldığı azad edilmiş ərazilərdən 81 min partlamamış hərbi
sursat və minaların aşkar edildiyini xatırladan H.Babayev vurğulayıb ki,
bunların da 14 minini tank əleyhinə minalar təşkil edir.
O söyləyib ki, təmizləmə
əməliyyatlarının aparıldığı sahələrdə kustar üsulla hazırlanmış sürpriz minlara
da rast gəlinir. O, bu cür halların işlərin gedişinin ləngiməsinə səbəb
olduğunu bildirib: “Əməliyyat apardığımız dövrdə bir çox ərazilərdə olduğu
kimi, bu ərazidə də axtarma – çalışma zamanı sürpriz dediyimiz tələ minalara
rast gəlinir. Bu da işin gedişatında bir çox çətinliklərə gətirib çıxarır. Əgər
ərazidə tələ minalar aşkar olunubsa, o ərazidə daha dəqiq və daha təmkinli
işləmək tövsiyyə olunur”.
Qeyd edək ki, hazırda məzarlığın olduğu ehtimal edilən ərazidə aparılan minatəmizləmə işlərinin qısa nüddət ərzində başa çatdırılması nəzərdə tutulub.