Bu gün, işğaldan
azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa
olunacaq “Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi”nin təməlqoyma
mərasimi keçirilib.
İncəsənət məktəbinin yol xəritəsinə uyğun
olaraq baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ
iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov,
layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar
Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak etmişdir.
Layihəyə əsasən incəsənət məktəbi Füzuli
şəhərində ümumi sahəsi 1,5 ha ərazidə yerləşəcək. Tikili sahəsi 2708 kv.m, 2
mərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli
şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması
nəzərdə tutulmuşdur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq
və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn
təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.
Qeyd edək ki, incəsənət məktəbinin
layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi
qrupu yaradılmış, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə
olunmuşdur.
Digər layihələr kimi bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töfhəsini verəcək.