Bu gün
torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. İlaxır
çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.
Bu çərşənbəyə xalq arasında
"Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq
çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq
nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının
hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.
Uzun qış aylarında insanların
evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət
çəkdikləri bu gündə Su, Od, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir
və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır
olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə,
suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına
sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə
qeyd edirlər.
Boz ayın sonuncu çərşənbəsi
olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir.
Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər
təntənəli keçirilir.
Bu
çərşənbədə nələr etməli?
İlaxır çərşənbədə
həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi
açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin
hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma
və bir çox adət-ənənələr bu gün də yaşadılır.
Həmçinin bu günün başlıca
özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran
oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana
atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən
qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına
inanırlar.
İlaxır
çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava,
şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə
yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.
İlaxır
çərşənbələrlə bağlı ənənələr
İlaxır çərşənbələr müxtəlif
mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri
ev təmizləmədir.
Bu tipli yenilənmənin –
təmizlənmənin əsas vasitələrindən biri üzərlikyandırmadı. Üzərlikyandırma
Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan
ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə,
mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan
qaldırarmışlar.
İlaxır çərşənbənin və
ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu
tonqalqalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar
“ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu zaman
nəğmələr də oxunur.
Axır çərşənbənin əsas
adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama,
şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi
evlərə papaq atıb, pay istəməkdir.
İlaxır
çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan
biri də “səməni nəziri” adətidir. Qəlbində bir niyyəti olan adam böyük
tabaqlara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır,
şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi
qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb,
həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua
edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa,
demək, nəzir-niyyət qəbul olunub.
“Barışıq” adəti çox mühüm
adətdir və insanlar buna böyük əhəmiyyət verirlər. “Bayramlaşma” adəti isə çox
geniş tərkibli mərasim aktıdır.
Oyun
ənənələri
İlaxır çərşənbələrdə icra
edilən oyunların bir çoxu heyvanlarla bağlıdır. Məsələn, “Xoruzdöyüşdürmə”,
“İtboğuşdurma”, “Qoçdöyüşü” oyunları. “Xoruzdöyüşdürmə” oyunu Novruz bayramı
günlərində, adından da göründüyü kimi, xüsusi cinsdən olan və xüsusi bəslənmiş
xoruzların döyüşdürülməsidir.
Novruz
bayramının ən mühüm və geniş yayılmış oyunlarından biri “Yumurta döyüşdürmək”dir.
Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Qeyd
etmək lazımdır ki, bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter
daşımışdır. Keçmişdə dövlət başçıları da bu oyuna biganə qalmamışlar. Burada
döyüşdürülən yumurtalar iki dünyanın – qışla yazın, soyuqla istinin
mübarizəsini nümayiş etdirməkdədir.
Mətbəx
ənənələri
Novruz bayramının ənənələrindən
də biri “Yumurta boyamaq” adətidir. İnsanlar ilboyu yumurta qaynadıb yeyirlər.
Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla
bağlı xüsusi mənası vardır. İlaxır çərşənbədə və Novruz bayramı günlərində
qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir
sözlə oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı
olduğunu göstərir.
Bayramın mərasimi simvolikası
“Yeddi ləvin”, yaxud “Yeddi sin” adlanan adətdə xüsusi ifadə olunur. “Yeddi
ləvin” yeddi növ yemək deməkdir. Yeddi növ yemək hazırlamaq və ya bayram
süfrəsinə eyni hərflə başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti olmuşdur.
Yeddi ləvində süfrəyə çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurta kimi
yeddi növ yemək, nemət, əşya qoyulur. Bunların hər birinin öz mənası var. 7
müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir. Bunun
7 növ ərzaqla ifadə olunması süfrənin simvolikası, ümumiyyətlə, yeməyin
simvolikası ilə bağlıdır. Yəni Novruz süfrəsi də bayramın yaradılış ideyasına
xidmət edir. Bayram süfrəsinə qoyulan 7 nemət artıq mərasimi məna daşıyır.
Novruz
falları
“Qulaq falı”, “qapıpusma”,
“qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir
bölgəsində geniş yayılmışdır.
Axır çərşənbənin məşhur
fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən
qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab
qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində
iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa
başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə
bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini
götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü
qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda
yozulardı.
İlaxır çərşənbənin fallarından
biri də güzgü ilə falabaxmadır. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində
ilaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə.
Şəklin içində oğlan əksi görünsə, “sevdiyi oğlana gedər” deyərlər. Burada iki
əsas element var: güzgü və ay. Məlumdur ki, güzgü ruhlar aləmi ilə bağlıdır. Bu
halda oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir. Ay
obrazına gəlincə, onun oğlan obrazı ilə bağlılığı diqqəti çəkir.
Ümumiyyətlə, Novruz falları say
və məzmunca zəngindir. Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra
hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində
əks etdirir.
Xalqımızın gözəl
adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!