Qarabağ iqtisadi
rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə
işləri yekunlaşma mərhələsindədir.
Bunu açıqlamasında Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin
Hüseynov bildirib.
“Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış
məhəlləsi yekunlaşmalıdır. Orada sürətlə işlər davam edir. Eyni zamanda, bu il
Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan həm birinci,
həm ikinci yaşayış məhəllələri, həm də Ağdam rayonunun Xıdırlı, Kəngərli və
Sarıcalı kəndlərində bərpa quruculuq işlərinə başlanılacaq”, - Prezidentin
xüsusi nümayəndəsi deyib.
Emin Hüseynov qeyd edib ki, Füzuli
rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində
bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək. Bu proseslər öz
qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.
Emin Hüseynov onu da qeyd edib ki,
gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ
kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.