Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamda 2 dinc sakinin mina
partlayışı nəticəsində ölməsi ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından verilən məlumata görə,
bəyanatda deyilir:
“Azərbaycanın Respublikasının işğaldan azad
edilmiş Ağdam rayonu Yusifcanlı kəndi ərazisində iki nəfər dinc sakinin həlak
olması ilə nəticələnən mina partlayışı baş verib.
Dinc mülki insanların davamlı olaraq həyat və
sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyir,
həlak olanlara Allahdan rəhmət diləyirəm.
Ermənistan 30 ilə yaxın bir dövr ərzində
Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında
saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə
həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb.
Təəssüflə qeyd edirik ki, torpaqlarımızın
işğaldan azad edilməsindən sonrakı dövrdə baş vermiş çoxsaylı mina
partlayışları nəticəsində indiyə qədər ümumilikdə 286 nəfər mina terrorunun
qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub.
Ermənistan isə nəinki ötən illər ərzində
basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün
də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən
minalarla çirkləndirir, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi
təhlükə altına düşür.
Bir daha dünya ictimaiyyətinə, o cümlədən
insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək
insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe
nümayiş etdirməyə çağırıram”.
Dumanlı Şuşa