Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş
ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə aprel ayı üçün biletlər 24
mart 2023-cü il saat 15:00-da satışa çıxarılacaq.
Nazirlikdən verilən
məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və
məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı
üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması,
işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə
sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün
onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya
edilib.
Vətəndaşlar bilet almaq üçün
şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər
bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən
istifadə oluna bilər. Biletlərin alındıqdan sonra başqa şəxsə transfer edilməsi
mümkün deyil.
Sərnişinlər gediş və qayıdış
biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Qeyd edək ki, işğaldan azad
olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də
istifadəyə verilib. Bu günə qədər 526 reys həyata keçirilib və 22 min 497
sərnişin işğaldan azad olunmuş ərazilərə səfər edib.