Son iki yüz ildə Azərbaycan
tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları,
müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci
ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan
həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli
mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
Yüz dörd il əvvəl erməni
daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı
ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən
qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri
yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı
dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115,
Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin
1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı
nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında
yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə
öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq
inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.
Azərbaycan Xalq
Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyulun 15-də bu
faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Komissiya
ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində
ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu
həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis
edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm
günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və
torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk
dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu
sahədə başlanmış işi yarımçıq qoydu.
Tarixin səhifələri
vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə
çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar
genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən
çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel
aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min,
bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının
sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar
yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956
uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri
əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027
azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın,
1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin
7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir.
Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120
kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini
dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin
mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən
əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar
aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan
xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan,
S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə
Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə
yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox
olub.
Ermənilərin silahlı hücumu
nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında isə 16 mindən çox
insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak
dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə
yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də
2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın
rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə
yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar
nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər
yəhudinin qətlə yetirildiyi məlum olub.
Ermənilərin
azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha
bir dəhşətli soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində
613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb,
487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Mart soyqırımı haqqında
həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri
addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev
Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci
il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü
elan edilib.
Bununla yanaşı, Heydər
Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası
haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR
ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu
cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə
çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə
tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil,
eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da
əhəmiyyətlidir.
Azərbaycanlılara qarşı
törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə
daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci
ildə - soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi
tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Ermənilərin tarix boyu
xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin
sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200
ildən çoxdur ermənilərin "böyük Ermənistan" xülyası çərçivəsində
törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın
30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.