Bu gün, 31 mart tarixi ermənilər tərəfindən
etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, irqi ayrı-seçkilik və etnik
təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların xatirəsinin yad edildiyi
Azərbaycanlıların Soyqırımı Günüdür.
Bu barədə Azərbaycan Xasrici İşlər
Nazirliyinin bəyanatında qeyd edilib.
"105 il bundan öncə 1918-ci ilin
mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı,
Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc
azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar
nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə
yetirilib, 167 kənd məhv edilib.
Radikal millətçi ermənilərin azərbaycanlılara
qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi
olan sözügedən qətliamların sistematik və planlı xarakter daşıması, Qafqazın
Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın törədilmiş
qətliamlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı
əsgərinin iştirak etdiyinə dair etiraflarında da sübut olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasından sonra hökumət tərəfindən ermənilərin törətdikləri ağır
cinayətlərin araşdırılması üçün müxtəlif millətlərin, o cümlədən ruslar,
yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən
yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təsis
edildi. Komissiyanın fəaliyyəti nəticəsində sübutlar əsasında dinc əhaliyə
qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət
işi açıldı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100
nəfər həbs olundu. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımı
siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan bu ilk addımın davam
etdirilməsi Azərbaycan Respublikasının Sovet ordusu tərəfindən işğalı
səbəbindən yarımçıq qaldı.
Hadisələrə adekvat siyasi qiymətin verilməsi
məsələsi Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra, Ümummilli Lider
Heydər Əliyev tərəfindən 26 mart 1998ci il tarixli “Azərbaycanlıların soyqırımı
haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə
həllini tapdı və sözügedən Fərmana əsasən 31 mart “Azərbaycanlıların Soyqırımı
Günü” kimi təsis edildi. Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsi
azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti və soyqırımı
cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında müstəsna
əhəmiyyət kəsb edir.
Ermənistanın azərbaycanlılara qarşı etnik
nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə,
soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın
davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı
da davam etdirildi. Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o
cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin
düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qaldı, dinc
əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi
cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrildi. 44 günlük
Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə,
Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket
hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik
təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi.
Mart qırğınlarının 105-ci ildönümündə
Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı, irqi
ayrı-seçkilik və etnik təmizləmə siyasətinin günahsız qurbanlarını dərin hüzn
və rəhmətlə anır, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması
üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha
vurğulayırıq.
Ədalətin bərpa olunmasının regionda sülh və
təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan,
öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması
istiqamətində tədbirlər görməyə davam edəcək", - deyə bildirilib.