Azərbaycan
Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il
ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas
xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı
qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib.
Aprelin 1-5-də baş vermiş Azərbaycan xalqının qəhrəmanlığının nümayişi olan və
Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlər Vətən müharibəsinin ilkin məşqi və
tarixi Zəfərə aparan yol idi.
Həmin il aprelin 2-də Ordumuz
düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının
işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin
minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan
Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci
bəxş edib.
Strateji əhəmiyyətli
Lələtəpə yüksəkliyi azad edilib
Silahlı Qüvvələrimizin həyata
keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas
xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə
ki, 2016-cı il aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni
zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat
tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri
endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən Ermənistan
ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Aprel hadisələrində cəbhənin ən
gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan
Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və
dərinlikdə cəmləşən qüvvələrini qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu
əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Tərtər rayonunun
Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin
geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli
Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edilib. Ordumuzun qəti zərbələri
nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər
zirehli texnikası məhv edilib, 320-dən artıq hərbçisi öldürülüb, 500-dən çox
döyüşçüsü yaralanıb. Suqovuşan yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas
hərbi hissələri məhv edilib. Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki
yolların nəzarətdə saxlanılması imkanı əldə edilib.
Aprel zəfərində “məğlubedilməz erməni ordusu”
və keçilməz erməni səngərləri mifi
dağıldı
Azərbaycan
Ordusunun 2016-cı il Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni
ordusu” və keçilməz erməni səngərləri mifi dağıldı. Aprel qələbəsi, eyni
zamanda, əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü
oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu
ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam
qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti
danılmaz faktlarla yenidən təsdiqləndi. Döyüşlərdə ölənlərin əksəriyyətinin
Ermənistan hərbi qulluqçularının olması, yaralıların böyük hissəsinin bu
ölkənin tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı
cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun
qoyub qaçdığı səngərlərə doldurulması cəhdi buna əyani sübutdur.
Ermənistan ordusunun təmas
xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və
yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin
2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların
qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı
göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi
fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq
sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif
olunub.
Aprel döyüşləri ordumuzun peşəkarlığını
göstərdi
Vətən qarşısındakı xidmətlərinə
görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına,
“Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”,
“İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər olub.
Aprel döyüşləri Azərbaycan
xalqının və Ordusunun tarixi ərazilərimiz olan Qarabağ və ətraf rayonların
işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu
düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü
ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: “Aprel döyüşləri bizim şanlı
hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən
qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının
işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu
döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla
barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa
edəcəkdir”.
Həqiqətən də dövlətimizin başçısının
dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi.
Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə
sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər
imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə gələcəkdə tam
nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Aprel döyüşlərinin ən böyük
tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi
oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan
qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin
yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük
Qayıdış” prosesinə start verildi. Bu kəndin əhalisinin 23 illik fasilədən sonra
doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə
azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin
və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan
ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində
tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın
və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
Prezident, Ali Baş Komandan
İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin
Ordumuz və xalqımız üçün əhəmiyyətini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri
hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu
baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman
xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu
göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin
olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.
Uğurlu Aprel qələbəsindən daha
da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı.
2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf
ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz
qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.
Həmçinin 2008-ci ildən
başlayaraq müxtəlif illərdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun
qüdrətini əyani nümayiş etdirib. 2018-ci il Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq
meydanındakı təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, iki il
sonra Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış
Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq
bərpa olunacağını bildirərək deyib: “Gün gələcək və bu gün işğal altındakı
torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq
meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Aprel döyüşləri Şanlı Vətən müharibəsində
böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir
Aprel döyüşləri Azərbaycanın
hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə
gedən yolda mühüm əhəmiyyət kəsb edir. Yeddi il əvvəl bu döyüşlərdə düşmən
üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük
Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin
şəxsi heyəti üçün mühüm döyüş təcrübəsi oldu. Bu döyüşlər həm də Azərbaycan
Ordusunda düşmən mövqelərini və onların potensialını öyrənməyə imkan yaratdı.
Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli
Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
Qürurverici haldır ki, böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın
ərazi bütövlüyünü təmin edən şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi
ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları
tərəfindən dərindən öyrənilir.
İkinci Qarabağ müharibəsində Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşdi
İkinci Qarabağ müharibəsi
zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut edib ki, onun iradəsini
sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu
Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də
“Dəmir yumruq” əməliyyatına başladı və noyabrın 10-dək davam etmiş 44 günlük
Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur
etdi. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları bu dəfə
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində
Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi.
Bu gün hər bir azərbaycanlı
yeddi il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən
Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.
Qürurlu tarixə malik olan Azərbaycan Ordusu hazırda özünün ən şanlı mərhələsini
yaşayır. Ona görə də Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün
Vətən müharibəsindəki böyük Qələbənin başlanğıcı kimi daim müqəddəs tarix kimi
xatırlanacaq.