Şuşa +8 °C  
İstiqlal Muzeyinin Şuşa ilə bağlı layihəsi davam edir

İstiqlal Muzeyinin Şuşa ilə bağlı layihəsi davam edir

"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın üst kişi geyimlərindən biri olan çuxaya həsr olunub.
Kitabi Dədə Qorqud dastanlarına əsasən kişi üst geyim tipi kimi təqdim edilən çuxa biçim üsuluna və tikiş texnikasına görə əsrlər boyu elə bir ciddi dəyişikliyə uğramamışdır. Zəmanəmizədək gəlib çatmış çuxalar gövdə (əyin), qol və ətək olmaqla üç hissədən ibarət biçilib tikilirmiş.
Çuxa növləri arasında "düzyaxa", "oyma-yaxa", "atmaqol" çuxalar geniş yayılmışdır. Atmaqol çuxaya estetik gözəllik verməklə yanaşı, funksional əhəmiyyəti də vardı. Bunlara döyüş zamanı düşməni aldatmaq və çaparların əllərini soyuqdan qorumaq üçün istifadəsini göstərmək olar.
Çuxanın tam formalaşma mərhələsi XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərinə təsadüf edir.
Çuxaların rəngi də xüsusi önəm daşıyırdı. Ağ və göy rəngli çuxalar təbəqə göstəricisi idi. Gənclərin "bəy çuxası" ağ rəngdə olurdu. 1960-cı illərə qədər rayonlarımızda hələ də çuxa geyən ağsaqqalları görmək olurdu.
Son dövrlər çuxa gündəlik geyim kimi öz aktuallığını itirmiş, rəqs ansambllarında, teatrlarda istifadə olunur.