Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə
aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər
rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.
MN-dən verilən məlumata görə,
müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs
kursantlarının iştirak etdiyi "Komando başlanğıc kursu"nun gedişatı
ilə tanış olub.
:16
Məruzə edilib ki, çöl çıxışında kursa
cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş
üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq
etdirilir. Keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi
bacarıqlarının daha da yüksəldilməsi, döyüş vərdişlərinin təkmilləşdirilməsi,
eləcə də liderlik keyfiyyətlərinin artırılmasına yönəldilir.
Məşğələləri izlədikdən sonra
general-polkovnik Zakir Həsənov şəxsi heyətlə görüşüb, onların qayğıları ilə
maraqlanıb.
Müdafiə naziri qeyd edib ki, Ali Baş
Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu
kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir.
Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və
bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.
Hərbi qulluqçuların bilik və
bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da
yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun
arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və
hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.
General-polkovnik Zakir Həsənov qeyd
edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı
əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi.
Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər
hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi
qulluqçularla yanaşı hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz
üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Məşğələləri izlədikdən sonra mərkəzdə
yeni istifadəyə verilən tibb məntəqəsinə gələn müdafiə nazirinə məruzə edilib
ki, müasir tələblərə cavab verən məntəqədə hərbi qulluqçuların sağlamlıqlarının
təmin olunması, onlara ilkin yardımın göstərilərək ehtiyac olduğu təqdirdə
hospitala təxliyə edilməsi üçün lazımi şərait yaradılıb. Tibb məntəqəsində
qəbul-diaqnostika otağı, palatalar, eləcə də inzibati otaqlar mövcuddur.
Daha sonra general-polkovnik Zakir
Həsənov çöl çıxışında olan kursantların səhra düşərgəsinə baxış keçirib.
Düşərgədə şəxsi heyətin qalması, qidalanması və asudə vaxtının səmərəli təşkili
üçün yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri kursa cəlb olunan
heyətə keçirilən dərslərin daha dərindən öyrənilməsi və onların gələcəkdə əsl
hərbi mütəxəssis kimi yetişməsi üçün öz tövsiyələrini verib.
Sonda general-polkovnik Zakir Həsənov
şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə aidiyyəti vəzifəli
şəxslər qarşısında konkret tapşırıqlar qoyub.