Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin
gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı,
Zəngilan və Cəbrayıl rayonlarında olub.
Səfər çərçivəsində Saleh Məmmədov
ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi
və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri
olacaq Murovdağ tunelinə baxış keçirib.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu
avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin
tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri
tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə
hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri
tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra İdarə Heyətinin sədri 72.3
km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri,
həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə
yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca
torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.
Səfər zamanı Saleh Məmmədov Laçın
şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının
tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların,
körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə
yetirilmiş işlər 40 fazidən artıqdır.
Xudafərin-Qubadlı-Laçın avtomobil
yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil
yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil
yolunun da tikintisi sürətlə davam etdirilir. Layihələrin icra vəzityyəti ilə
yerindəcə tanış olan sədrə məlumat verildi ki, yol boyu torpaq yatağının və yol
əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və
körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə
davam etdirilir.