Bu gün Başlıbel faciəsinin ildönümüdür.
1993-cü
ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğal edən zaman Başlıbel
kəndində törətdiyi qırğından 30 il ötür.
1993-cü
ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2
minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə
bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınıblar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər
sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə
silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18
nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin
ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar
113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət
etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa
biliblər.
Başlıbel
faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan
Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının
vəziyyətinə dair illik hesabatında da yer alıb.
Kəlbəcər
rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı
qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri
tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə
qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri
müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub.
Sağ qalan
şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər
arasında girov götürülənlər olub və bugünədək itkin hesab olunanlar var.
Kəlbəcər
rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və
dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.