Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistan
tərəfindən əsir götürülən iki hərbçimizə baş çəkib.
BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlamasında bildirib ki, 19 aprel
tarixində BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan
vətəndaşına Yerevanda baş çəkib: "Onlarla təkbətək görüş keçirilmiş və
ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr
zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və
onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait
yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr
və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", təşkiatın açıqlamasında
deyilir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının
Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində
məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri
- 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü
Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Daha sonra erməni KİV-də Axundov Hüseyn
Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və
fotolar yayılıb.
Baş Prokurorluq tərəfindən Azərbaycan Silahlı
Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi
başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı
beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman BQXK-dan azərbaycanlı
hərbçilərə baş çəkməsini tələb edib