Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun
rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Laçın şəhərlərində layihələrin icrası
ilə tanış olublar.
Azərbaycan
Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində keçirilən
təqdimatda Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması
layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər geniş müzakirə olunub.
Bildirilib ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra “Azərsu”
ASC-nin mütəxəssislərindən ibarət qrup su mənbələrinin, magistral xətlərin,
anbarların və paylayıcı şəbəkələrin vəziyyətini araşdırıb. Şəhərin əsas su
mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin
texniki vəziyyəti təftiş olunub, bərpa işləri aparılaraq şəhərə suyun verilişi
təmin edilib.
2021-ci
ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması
layihəsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral
su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla
yenilənib. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınaraq alternativ
mənbənin yaradılmasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında
tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası və 2,6 km
uzunluğunda yeni kəmər inşa edilib. 2022-ci ilin dekabrında mənbədən şəhərə
suyun verilməsi təmin edilib. Hazırda şəhərin relyef baxımından hündür
nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam etdirilir. Növbəti
mərhələdə şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələrinin, içməli və
tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur.
Laçın
şəhərində işlərin gedişi ilə tanış olan Agentliyin sədri Zaur Mikayılova
məlumat verilib ki, layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin
içməli su və kanalizasiya xidmətlərdən istifadəsinə hesablanıb. Şəhəri
dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi
ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar
və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114
mm diametrli polad borularla 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral
su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetr olan 9 anbarın
tikintisi və bərpası işləri davam etdirilir. İndiyə qədər inşası planlaşdırılan
58 kilometr içməli su və 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsinin
tikintisi yekunlaşıb.
Səfər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zarıslı çayı üzərində tikilmiş sutoplayıcı bəndə, Həkəri çayı üzərində sugötürücü qurğuya, həmçinin Şuşa və Laçın şəhərlərində tikinti sahələrinə baş çəkərək layihələrin icra vəziyyəti ilə yerində tanış olub, müvafiq tapşırıqlar verib.
Dumanlı Şuşa