İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması
istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri
də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında
yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.
Bu barədə Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “Böyük
Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan
əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus marşrutunun açılması ilə
bağlı araşdırma aparılıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması
imkanları təhlil edilib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb.
İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi
istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və
Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda
sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün
ərzində 2 reys həyata keçirilir.
Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub.