Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət
başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və
kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu
layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi
sürətlə davam etdirilir.
Bu
barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
bildirilib.
Qeyd
edilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral
avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir.
Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər
uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların
ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4
km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun
genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının
inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr
təşkil edəcək.
Tikinti
işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4 – 56.4
km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. “İnşaat Norma və
Qaydaları”na uyğun olaraq, yol yatağı hazır olan 20.4 km-lik hissədə yol
əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi
işləri icra olunub.
Yolun
Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və
keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və
layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik
hissəsi I, 11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.
Yeni
inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək
məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10,
22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə
gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin
inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb.
Bundan
başqa, Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının
tikintisi işləri də davam etdirilir.
Artıq
layihə üzrə 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3105
metr istinad divarı da inşa olunub.
Layihə
üzrə ümumi uzunluğu 2397 m-lik 8 ədəd tunel inşası da nəzərdə tutulur. Hazırda
T-1 və T-2 tunellərində qazma və qrunt bərkitmə işləri davam edir.
“İnşaat
Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 501.8 min
kub.metr ərazidə bitki qatının çıxarılması, 6.1 milyon kub.metr həcmində qazma
işləri aparılıb, 3.0 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.
Yeni
avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa
riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması
üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan,
Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və
Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış
məntəqəsini əhatə edir.