Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli
simalarından biri – Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü
tamam olur.
Azərbaycan Respublikasının əməkdar elm xadimi,
tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı
Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra
Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub
və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu
keçib.
1950-ci ildə Zərifə xanım Əliyeva
aspiranturaya daxil olub və 1953-cü ildə buranı bitirib.
1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat
Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük
elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə
İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının
peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri
(1982-1985) vəzifələrində çalışıb.
İllər boyu apardığı müşahidələrin, klinik
tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur
oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri
Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya
müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq
dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb
elmləri doktoru dərəcəsi verilib.
Zərifə xanım Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə
Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə
fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və
müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı
tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya",
"İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin
müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın
elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı tibbi
kadrların hazırlanmasına böyük əmək sərf edib. O, Ümumittifaq Oftalmoloqlar
Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan
Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii"
(Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.
1981-ci ildə oftalmologiyanın inkişafına
verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı
elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək
mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına
mükafatına layiq görülüb. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin
mükafata layiq görülən ilk qadın idi.
Elmi tədqiqatlarının yüksək səviyyəsi, sosial
əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi tədqiqat
işlərində böyük xidmətləri qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım
Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçildi.
Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə
görə orden və medallarla təltif olunub. Azərbaycanın əməkdar elm xadimi kimi
yüksək ada layiq görülüb.
Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının
15-də Moskva şəhərində vəfat edib.
Dumanlı Şuşa