Laçın-Xankəndi
yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın
iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında
Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə
aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.
Görüşdə Azərbaycan Respublikası
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət
Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində,
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış
məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna
görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.
Ekofəallar bildiriblər ki,
Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət
mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun
aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib.
Buna baxmayaraq, ekofəallar
qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya
sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii
sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti
qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı
kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar.
Ekofəalların təmsilçiləri
dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın
dayandırılması məsələsinə baxılması üçün aksiya iştirakçıları ilə ümumi
məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər.
Günün birinci yarısında
keçirilən görüşdən sonra ekofəallar müzakirə olunan məsələlərlə bağlı
məsləhətləşmələr aparmaq üçün humanitar aksiyanın keçirildiyi əraziyə
qayıdıblar.
Aksiya iştirakçılarının
apardıqları məsləhətləşmə və müzakirələrdən sonra ekofəalların qəbul etdikləri
qərar bir qədər əvvəl açıqlanıb və aksiyanın iştirakçıları olan qeyri-hökumət
təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı
oxunub.
Bəyanatda qeyd olunub:
“Qeyri-hökumət təşkilatları
nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii
sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın
12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində
başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir.
Biz ötən müddətdə gecə-gündüz
fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı
şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan
ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər
və ekofəallar olaraq Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə
çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!
138 gün ərzində minlərlə
iştirakçının qatıldığı ekoloji aksiyada xalqımızın dəstəyini hər zaman hiss
etmişik və bu dəstək bizi daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də
Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə,
Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış
məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də
qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması
yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini
təmin etməklə istənilən təxribatın qarşısının alınmasına yönəlib. Azərbaycan
ərazilərində qanunsuzluğun qarşısının alınmasına yönəlmiş bu qətiyyətli addım
həm də aksiya iştirakçılarının hədəflərinə qismən çatması deməkdir.
Bildirmək istəyirik ki, biz
ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də
dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə
alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı
müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.
Bəyan edirik ki, Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı
qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər
fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı
kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə
yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə
saxlayırıq!
138 gün ərzində bizə dəstək
göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin
edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb
işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və
xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!
Bir daha bəyan edirik:
Ekocinayətə son!
Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!
Azərbaycan vahiddir, sərvətinə
sahibdir!
28 aprel 2023-cü il”.