Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Laçına köçürüləcək
ailələrin bütün respublika üzrə tibbi müayinələrinə başlanılıb.
TƏBİB-dən verilən
məlumata görə, müayinələr qurumun tabeliyində fəaliyyət göstərən Tərtər, Qax,
Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının
mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt
Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi
Xəstəxanasında, Bakının Yasamal, Səbail və Nəsimi rayonları üzrə Yeni
Klinikada, Qaradağ rayonu üzrə Lökbatan Tibb Mərkəzində, Binəqədi, Xəzər,
Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarının tibb mərkəzlərində keçirilir.
Ümumilikdə, 401 ailə (16 min 48
nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri,
ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması
(flüoroqrafiya) müayinələri həyata keçiriləcək.
Qeyd edək ki, tibbi müayinələr
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB
arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum
çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi
müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən
müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə
tutulub.
Əsas məqsəd işğaldan azad
olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən
edilməsidir.
Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülən şəxslərin də tibbi müayinələri keçirilib.