Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş
ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq
qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Protokol qardaşlaşmış
şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və
qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini
genişləndirməyi əsas tutur. Tərəflər arasında birgə proqram, layihələr,
qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi,
bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq,
incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları
sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Sənədi Ərzurumda
səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen
imzalayıblar. Tədbirdən sonra Ərzurum valisi Okay Memişlə də görüş baş
tutub.
Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qardaşlaşmış şəhərlər
protokolunun ilk dəfə Ərzurum ilə imzalanmasının xüsusi əhəmiyyətə malik
olduğunu qeyd edib. Bildirib ki, bu il Azərbaycanda Müzəffər Ali Baş Komandan,
cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın
mədəniyyət paytaxtı elan olunub. Gələn il isə Şuşa şəhəri TÜRKSOY-un qərarı ilə
Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Buna görə də Türk dünyasının
mərkəzlərindən biri sayılan Ərzurum ilə mədəni, siyasi və iqtisadi əlaqələrin
qurulması vacibdir.
Ərzurum valisi Okay
Memiş Şuşanın bütün türk dünyasının qəlbində xüsusi yer tutduğunu qeyd edərək,
əziz Şuşa ilə istənilən tədbir və birgə fəaliyyətlərin başlanmasını
valilik üçün mühüm missiya olduğunu bildirib.
Daha sonra Məftun
Abbasov ilə Ərzurum Atatürk Universiteti və Ərzurum Texniki Universitetinin
rektorları arasında görüş baş tutub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin
aparılması haqqında ətraflı danışılıb.