Bu gün Azərbaycanda faşizm üzərində Qələbə
günü qeyd edilir.
Faşizm üzərində qələbədən 78 il ötür.
Azərbaycan xalqı artıq üçüncü ildir ki,
faşizm üzərində qələbəni qalib kimi qeyd edir. Azərbaycan özünün 44 günlük
Vətən müharibəsindən sonra dünyada və regionda yeni reallıqlar yaradıb.
Xalqımız bu dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi
üzərində böyük bir qələbə qazanıb. Tarixən öz döyüşkənliyi, cəsurluğu, igidliyi
və qorxmazlığı ilə seçilən bu xalq öz tarixinin səhifəsində bir çox qələbələrə
imza atıb. Amma 44 günlük Vətən müharibəsilə qazanılan zəfər ölkənin tarixinə
ən parlaq qələbə kimi həkk olunub.
Azərbaycan xalqının İkinci Dünya
müharibəsində qələbənin qazanılmasında böyük rolu olub.
Azərbaycanlılar bu müharibədə istər ön,
istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında
Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan
vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri
misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə
təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı
Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov,
Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov,
Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri
ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Müharibə dövründə iqtisadiyyatı cəbhəyə
xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb.
Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük
çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni
və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi
altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin
fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord
göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl"
çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə
müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon
ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində
qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş
təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan
göndərilən yanacaqla işləyib.
Bu il aprelin 26-da Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Azərbaycanın 2023-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,9 milyon (iki
milyon doqquz yüz min) manat vəsait ayrılıb.
Prezident İlham Əliyevin yeni Sərəncamı
İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər
şəxslərdən ibarət 3 729 şəxsə şamil olunacaq.
Faşizm üzərində qələbə Azərbaycanda rəsmi
dövlət bayramı kimi qeyd olunur.
Qeyd edək ki, İkinci Dünya müharibəsi
nəticəsində 60 milyona yaxın insan həlak olub.