Biz öz doğmalarımızı, illah da həyatımızda dərin izlərini
buraxaraq bizə doğru yol göstərmiş şəxsiyyətləri, həyatda əldə etdiyimiz bütün
uğurlarımıza görə minnətdar olduğumuz parlaq simaları nə zaman xatırlayırıq?
Yalnız doğum və anım günlərindəmi? Əsla! Onlar hər zaman bizimlədirlər. Onlar
bizim düşüncələrimizdə, genetik yaddaşımızda elə möhkəmləniblər ki, hətta
həyatda olmasalar belə yenə zəkamızı nurlandırırlar. Biz onların göstərdikləri
doğru yolla inamla irəlilədikcə əbədi minnətdarlıq hissi qəlbimizi tərk etmir.
Tanınmış
aparıcı-jurnalist Lalə Azərtaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı
yazdığı məqalə bu sözlərlə başlayır. Ümummilli Lider haqqında xatirələrini
qələmə alan jurnalist yazır:
“Bizə
doğru yolu nişan vermiş parlaq simalar əldə etdiyimiz bütün uğurların
müəllifləridir və onları yada salmaq bir qədirbilənlik duyğusudur. Onlar
bünövrədir, dayaqdır, istinad yerimizdir, onlar yaddaşımızın ən önəmli
guşəsində dayanırlar. Biz hər dəfə yaddaşımıza boylandıqca onları xatırlayırıq,
onlarsız uğurlarla dolu bu qədər yolu qət edəcəyimiz inanılmaz görünür. Əgər
söhbət yalnız bir fərdin qəlbini işıqlandıran şəxsiyyətdən deyil, bütün xalqın
yaddaşında əbədi həkk olmuş, ona xilas və tərəqqi yolunu göstərmiş siyasi
xadimdən gedirsə, bu artıq ictimai şüurun ən yüksək mərhələsidir. Əgər söhbət
xalqını tarixin ən çətin sınaqlarından şərəf və qürurla çıxarmış, müstəqil
dövlətimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevdən gedirsə, onda hər
bir vətəndaşımızın bildiyi və fərəhlə anladacağı bir uğur hekayəsi var. Çünki
hər bir azərbaycanlının ürəyinə Heydər Əliyev doğmalığı hakimdir. Hər bir
azərbaycanlı kimi mən də öz yaddaşıma boylanaraq Ulu Öndərimizin xatirəmdə
möhkəmlənmiş dolğun obrazını bir yazıda anlatmağa çalışacağam.
...
“Diqqət Heydər Əliyev danışır”, - evimizdə hər kəs televizora diqqət kəsilir.
SSRİ-nin mərkəzi televiziyasından Heydər Əliyevin çıxışını verirlər. Mən
təzə-təzə orta məktəbə gedirəm, evdəkilərin marağı istər-istəməz mənə də
sirayət edir. Efirdə göstərilən yad adamların arasından tribunada çıxış edən
şəxsiyyətin müdrik siması tədricən yaddaşıma hopur, doğmalaşır.
...
“Diqqət Heydər Əliyev danışır”, - evimizdə yenə hər kəs televizora diqqət
kəsilib. Bu dəfə yenicə müstəqilliyini bərpa etmiş ölkəmin televiziyasına baxırıq.
İstiqlalını elan edən kimi qarşıdurmaların, vətəndaş müharibəsinin cənginə
düşmüş Vətənimin ağır günləridir. Tribunada yenə də doğma adamı görürəm, bu
dəfə qayğılı, nigaran, lakin həmişəki kimi qətiyyət və cəsarətlə. Parçalanmaq,
yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış xalqım onun yolunu gözləyirdi, onun
qayıdışı günü qurbanlar kəsirdi, qurtuluşuna qovuşurdu...
...
“Diqqət Heydər Əliyev danışır”, - bu dəfə evimizdə televizorun qarşısında
deyilik, gecə yarı onun bir çağırışı ilə “Azadlıq” meydanındayıq. Bütün xalq
ayaqdadır! Hamı – böyükdən kiçiyə müdrik rəhbərinin səsinə səs verərək
dövlətimizi yenidən parçalamaq, məhv etmək istəyən qüvvələrə qarşı sinəsini
sipər edib.
Bundan
sonra yaddaşımda yer eləmiş parlaq günlərdir, tərəqqi və inkişaf yolu ilə inamla
irəliləyən ölkəmin uğurlarıdır. “Gülüstan” Sarayı-“Əsrin Müqaviləsi” imzalanır.
Ulu Öndər qurduğu dövlətin bünövrəsini möhkəmləndirən, XX əsrin siyasi
tarixindən qırmızı xətt kimi keçəcək müqaviləni imzalayır.
İlk dəfə
artıq bir vətəndaş kimi borcumu yerinə yetirmək üçün səsverməyə getməyim və
fəxrlə öz səsimi Ulu Öndərə verdiyim gün də yaddaşımda yer etmiş, qürurla
xatırladığım anların ən fərəhlisidir.
Ulu Öndər
müxtəlif güclərin siyasi və iqtisadi maraqlarının toqquşduğu mürəkkəb
coğrafiyada yalnız müstəqil dövlət yaratmadı, gələcək qələbələrin şahidinə
çevriləcək müasir və özünüdərk etmiş yetkin bir xalq formalaşdırdı. O, hələ
sovet qorxusunun hakim olduğu dövrdə üçrəngli müqəddəs bayrağı dövlət atributu
kimi qəbul etdirdi. Naxçıvanda rəsmi status qazanmış bayrağımız az sonra yeni
yaranmış dövlətin əbədi atributuna çevrildi. Xalqın yaddaşında Heydər Əliyev
bayraq qədər doğma və müqəddəs statusa malik qurucu şəxsiyyətdir. Onun vətən
tarixindəki yeri barədə mülahizə yürütmək elə vətənin özü barəsində danışmaq
deməkdir. Gücünü xalqın birliyindən, həmrəyliyindən alan Heydər Əliyev
ideyaları daim müasir və aktualdır.
“Mən İlham
Əliyevə özüm qədər inanıram” deyən Ulu Öndər müasir Azərbaycanın memarı olmaqla
yanaşı otuz ilə qədər davam etmiş işğala son qoyan müqəddəs zəfərimizin də
müəllifidir. Ulu Öndərin inandığı siyasi Liderin Dəmir Yumruğu ətrafında
birləşən xalq tarixi missiyasını yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız
Şuşanın azad olunması haqqında müjdəni paylaşarkən “Xoşbəxt adamam ki, ata
vəsiyyətini yerinə yetirdim” söyləməklə müstəqil Azərbaycan dövlətçiliyində
varislik missiyasını şərəflə yerinə yetirdiyini bəyan etmiş oldu.
Heydər
Əliyevin dolğun və möhtəşəm obrazının bir Azərbaycan övladının yaddaşında yer
eləmiş təəssüratı yalnız bununla bitmir. Doğma vətənimiz tarixi qələbələrə
doğru irəlilədikcə bütün uğurlarımızın bünövrəsində dayanmış Heydər Əliyev
ideyaları da inkişaf edir, müasirləşir və hər bir azərbaycanlının qəlbində öz
əzəmətli yerini daha da möhkəmləndirmiş olur. Bu baxımdan, əgər söhbət Heydər
Əliyevdən gedirsə, biz heç vaxt keçmiş zamanda danışmırıq. İnsanın öz vətəni
haqqında keçmiş zamanda danışmasını təsəvvür etmək belə mümkün deyil.
Qədirbilən xalqımız və dövlətimiz var olduqca Heydər Əliyev bizimlə olacaq və
yaddaşımızda öz əzəmətini qorumaqda davam edəcək”.