Bu gün
Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış
mərasimi keçiriləcək.
Şuşa şəhərinin 2023-cü il üçün
“Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli
Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk
əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqların iştirakı nəzərdə
tutulur.
Rəsmi açılış mərasimindən sonra
qonaqlar Türk dünyasının incəsənət kollektivlərinin çıxışlarını izləyəcək,
sərgilərlə tanış olacaqlar.
Qeyd edək ki, 2022-ci il martın
31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrinin Mədəniyyət Nazirləri
Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il
üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.
Mayın 9-dan 11-dək Şuşada
keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi
və rəqs qrupları, sənət adamları da qatılıb. Festival başa çatsa da, Şuşada Türk
dünyası mədəniyyətinin təntənəsi hələ bir çox layihə və mərasimlərlə ilin
sonunadək davam edəcək.
Xatırladaq ki, “Türk dünyasının
mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının
İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk
dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.
Bu günə qədər Astana (2012,
Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya
Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan
(2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə
(2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının
mədəniyyət paytaxtı” olub. Şuşa bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.