May ayının 11-də
Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”
start götürüb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat
Mərkəzindən verilən xəbərə görə, Vindzor qəsrinin ərazisində keçirilən
tədbirdə Azərbaycandan Britaniyaya böyük yol qət etmiş 60 nəfərdən ibarət
nümayəndə heyətimizin ilk çıxışı baş tutub.
Dumanlı Albionun yağmurlu havasına
baxmayaraq, 20 Qarabağ atı ilə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və
süvarilər dəstəsi ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək
tamaşaçıların böyük rəğbətini qazanıb.
Nümayəndə heyətimizin təqdim etdiyi
“Odlar Yurdu” adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı
tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə
seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli
musiqimiz təşkil edib.
Heydər Əliyev Fondunun dəstəyi,
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış
şou-kompozisiyanın quruluşçu rejissoru əməkdar jurnalist Rövşən Cahangirov,
xoreoqrafı Dövlət Sərhəd Xidmətinin rəqs amsamblının bədii rəhbəri, əməkdar
artist Fərid İbrahimov və suvarilər dəstəsinin quruluşçu təlimatçısı İmran
Əhmədlidir.
"Milli musiqi alətlərimiz tütək,
zurna, balabanın ifasında “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından,
“Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin
süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən,
qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını
sözün əsl mənasında heyran edib. 15 dəqiqə davam edən şou müddətində
süvarilərimizin Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət
bayraqlarını dalğalandırmaları xüsusi ilə diqqəti cəlb edib.
Şou-proqram tədbir iştirakçıları
tərəfindən coşğu ilə qarşılanmış, böyük tamaşaçı kütləsinin zövqünü oxşamış,
izləyicilər təmsilçilərimizi ayaqüstə alqışlayıblar", - məlumatda deyilir.
Nümayəndə heyətimizin çıxışları may
ayının 14-dək davam edəcəkdir.