Mayın 15-də müdafiə naziri
general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və
idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Bu barədə Müdafiə
Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə
iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti
sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə
naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin
törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona
xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə
qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli
şəxslərə göstəriş verib.
Müşavirədə qış dövrü
ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri müzakirə
edilib, qarşıda duran bir sıra tapşırıqlar qoşun növü komandanlarına
çatdırılıb.
General-polkovnik Z.Həsənov
Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi
Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının
dəqiqləşdirilməsi, habelə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv
təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini
vurğulayıb.
Sonda müdafiə naziri bütün
növ döyüş təminatı bölmələrinin gücləndirilmiş hazırlığına xüsusi diqqətin
yetirilməsini tapşırıb.