Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən
xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn
kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks
araşdırmalar davam etdirilir.
DTX-dən
bildirilib ki, görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində
məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını
həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin
törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov
Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət
məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.
Müəyyən
edilmişdir ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb
olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan
Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və
müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.
Rəşad
Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü
Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini
zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi
bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən
videomateriallar hazırlamışdır. Həmin videomateriallar Ermənistan xüsusi xidmət
orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində
fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəbəkələrdə
paylaşılmışdır.
Rəşad
Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət
Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq
məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin
parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm
məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil
etmişdir.
Bundan
başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini
zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan
Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli
nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması,
terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların
birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin
hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra etmişdir.
Əhmədov
Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə
xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların
və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq
çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn
açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində
həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət
işi üzrə araşdırmalar davam etdirilir.