Türkiyənin
səhiyyə naziri Fahrettin Kocanın rəhbərlik etdiyi nümayəndə heyətinin
Azərbaycana ikigünlük işgüzar səfəri davam edir. Səfər çərçivəsində Türkiyə
nümayəndə heyəti Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin
simvolu olan Şuşa şəhərini ziyarət ediblər.
Qonaqların
Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış
şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş
heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Onlara şəhər
və güllələnmiş heykəllər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki,
270 yaşlı mədəniyyət paytaxtı olan Şuşa şəhəri hər zaman muğam-sənət beşiyi
kimi tanınıb. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki
Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol
oynayıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz
töhfələr vermiş görkəmli şəxsiyyətlərin diyarıdır.
Daha sonra Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Şuşa
qalası, Natəvan bulağı, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonaqlar cümə namazı qılıblar. Vətən şəhidlərinin ruhlarına rəhmət dilənib və dualar oxunub.
Türkiyənin
səhiyyə naziri Azərbaycanın mədəniyyət paytaxtının gözəlliyinə heyran olduğunu
bildirərək, Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti vurğulayıb. Fakrettin
Koca Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan ordusu tərəfindən uzun illər Ermənistanın işğalı atında
olan ərazilərin, o cümlədən Şuşa şəhərinin azad edilməsindən böyük sevinc və
qürur hissi keçirdiyini qeyd edib.