Şuşa +9 °C  
BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib

BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib

Dövlət Komissiyası fəaliyyətinin ilk dövrlərindən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.

Bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, intensiv hərbi əməliyyatların getdiyi Birinci Qarabağ müharibəsində əməkdaşlığın əsas elementi 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq əsir-girov götürülmüş hər iki tərəfə aid şəxslərə saxlanma yerlərində baş çəkilməsi, ailə əlaqələrinin təmin edilməsi, xəstə və yaralıların müalicəsinə köməklik göstərilməsi və repatriasiyasının (tərəflərə təhvil verilməsi) təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi işinin təşkilindən ibarət olub. "Münaqişə dövründə I Qarabağ müharibəsində 1480, II Qarabağ müharibəsindən sonra isə 26 azərbaycanlı əsir-girovluqdan azad edilib. Qarşı tərəfə isə Qarabağ müharibəsində 500 nəfərdən çox, Il Qarabağ müharibəsindən sonra keçən müddət ərzində 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib. Eyni zamanda, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib. Ümumiyyətlə, 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”, - deyə İsmayıl Axundov vurğulayıb.

Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir təşkil edilir.