2022-ci
ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndinin ərazisinə həyata
keçirilən ilk qazıntı zamanı I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid
olması ehtimal edilən dəfn yerlərində ekshumasiya prosesi nəticəsində kütləvi
məzarlıqdan 4 şəxsin tam anatomik skeleti və 3 şəxsə aid olan meyit qalıqları
götürülüb. Eyni zamanda, həmin məzarlıqda daha çox şəxsə aid meyit qalıqlarının
olması ehtimalı öz təsdiqini tapıb və axtarış-qazıntı işlərinin davam
etdirilməsi məqsədəuyğun hesab olunub.
Bu fikirləri Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi,
İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası
və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq
konfransda deyib.
Onun sözlərinə görə, ekshumasiya
işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədilə
BQXK ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində
itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar
yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata
keçirilməsi qərara alınıb.
"Plan üzrə qazıntı işləri
ötən ilin sentyabr ayında Xocavənd rayonunun Edilli kəndində davam etdirilib,
həmin kütləvi məzarlıqdan əlavə olaraq 2, ora yaxın ərazidə isə tək-tək
basdırılmış 3 nəfərə aid meyit qalıqları, 1 və ya daha çox şəxsə aid olması
ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.
Ərazidə müəyyən edilmiş yeni
sahə üzrə aparılmış qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkar olunub və
ekshumasiya prosesində oradan 12 şəxsə aid tam anatomik skelet müəyyən edilərək
götürülüb. Aşkar olunmuş artefaktlar Azərbaycan Ordusunun hərbi qulluqçularına
aiddir".
İsmayıl Axundov xatırladıb ki,
ötən ilin oktyabr ayında Xocavənd rayonunun Edilli kəndində davam etdirilən
üçüncü axtarış-qazıntı prosesində daha bir kütləvi məzarlıq aşkar edilərək, 5
nəfərə aid meyit qalıqları götürülüb.
"Pilot layihənin qazıntı
ilə bağlı son mərhələsi isə 2022-ci ilin noyabr ayında Füzuli rayonu, Yuxarı
Seyidəhmədli kəndində aparılıb. Toplanmış məlumatlara əsasən, həmin ərazidə
kütləvi məzarlıq mövcud olub. Ancaq qazıntı prosesində kütləvi məzarlıq aşkar
edilməsə də, ərazinin müxtəlif sahələrində 6 nəfərə aid sümük qalıqları
aşkarlanaraq götürülüb. Mütəxəssislərin fikrinə görə, insan qalıqlarının
əraziyə dağılmasının səbəbi işğal dövründə ərazinin əkin sahəsi kimi istifadə
edilməsidir.
Ümumiyyətlə ötən ilin fevral,
sentyabr, oktyabr və noyabr aylarında Xocavənd rayonu, Edilli ve Füzuli rayonu,
Seyidəhmədli kəndlərinin ərazilərində aidiyyəti dövlət qurumlarının mütəxəssis
qrupu və BQXK-nın ekspertlərindən ibarət heyət tərəfindən həyata keçirilmiş
qazıntı və ekshumasiya prosesində 32 nəfərə aid meyit qalıqları aşkarlanaraq
götürülüb və müvafiq ekspertizanın aparılması məqsədilə Səhiyyə Nazirliyi
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Pilot
layihə çərçivəsində car ilin may ayında Füzuli rayonu, Aşağı Seyidəhmədli
kəndində aparılmış qazıntı işi davam etdirilib.
Hazırda Dövlət Komissiyasının
qarşısında duran əsas vəzifə I və II Qarabağ müharibələrində itkin düşmüş bütün
şəxslərin taleyinin müəyyən edilməsi, onlara aid ehtimal edilən məzarlıqlarda
qazıntı və ekshumasiya işlərinin davam etdirilməsi, Vətən müharibəsindən sonra
tapılmış I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal
edilən meyit qalıqlarının eyniləşdirilərək ailələrinə təhvil verilməsindən
ibarətdir. Bu işin həyata keçirilməsi uzun müddət, əlavə vəsait, kadr
resursları, beynəlxalq təcrübənin tətbiqi və bir sıra mürəkkəb prosedurların
icrasını tələb edir",- deyə Dövlət Komissiyasının katibi qeyd edib.