2023-cü ilin dövlət
büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və
yenidənqurma işləri üçün nəzərdə tutulmuş 3 milyard manat vəsaitin təxminən 60
%-i (1,8 milyard manatı) artıq istifadə olunub.
Bunu Milli Məclisin bu
gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
"İşğaldan azad
edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır və Prezident
İlham Əliyev bu missiyanın həyata keçirilməsi üçün Azərbaycan xalqını səfərbər
edib. Həmin missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir.
Nəticədə bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq.
Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin
bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib", - deyə o əlavə
edib.
Xatırladaq ki, Qarabağ
və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin
sürətləndirilməsi ilə bağlı xərclərin 2 milyard 260 milyon manat
və yaxud 75,3 % artırılması təklif olunur. Artımdan sonra bu xərclər 5 milyard 260 milyon manat olacaq.