Azərbaycan QHT-ləri Ermənistanın Arazdəyəndə
yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıb.
Bəyanatda deyilir:
"Ermənistan mətbuatında yayılan
məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə
həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə
hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun
hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi
tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının
Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan
suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.
Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl
edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi
“Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”
1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və
Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli
gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı,
tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın
müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların
rəyi nəzərə alınmalıdır.
Ermənistanın bu tələblərə riayət etməməsi bir
daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf
olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə
pozur.
Ermənistan tərəfindən Azərbaycana qarşı
ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un
uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə
Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli
istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır.
Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan
ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya
məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə
iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu
istiqamətdə heç bir praktik addım atmayıb.
Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin,
xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və
sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə
dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə
əleyhinə gedir.
Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan
hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla,
Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur.
Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o
cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi
fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da
Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit
hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları
olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı,
BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan
hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara
müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti
ekoloji terroruna son qoymağa çağırırıq.
Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri
metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti
məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın.
Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı
ABŞ Səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Bir buradan Ermənistandakı ekofəallara da
müraciət edirik. Bu, ilk növbədə Ermənistanın özünün də ekoloji vəziyyətinə
mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün
hərəkət zamanıdır", - bəyanatda deyilir.
Bəyanatı aşağıdakı şəxslər imzalayıb:
1. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İB-nin
sədri – Elman Cəfərli;
2. “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İB-nin sədri Rüstəm
Məlikov
3. "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İB-nin sədri Sevil İsayeva
4. "Sudan İstifadə sahəsində Mütəxəssislər" İB-nin sədr müavini Amin
Məmmədov
5. “Biosfer” İB-nin sədri sədri Qorxmaz İbrahimli
6. “Eko Aləm” İB-nin sədri Sevil Yüzbaşova
7. “Sağlam Həyata Doğru" ekoloji İB-nin sədri Sadiq Həsənov
8. Ekoloji Maarifçilik və Monitorinq İB-nin sədri Qəmzə Yusubova
9. "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İB-nin sədri Rahilə Mehtiyeva
10. "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İB-nin sədri İradə
Həsənova
11. “Ekoloq-2010" Ekoloji Maarifləndirmə İB-nin sədri Səlim Balayev
12. "Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım” İB-nin sədri Rübabə Hüseynli
13. "Səyyahlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və
Tanıdılması İB-nin nümayəndəsi Jalə Qəribova
14. Ekoloji Maarifçiliyə Yardım İB-nin sədri Tarverdi Hüseynov
15. "Sağlam mühit" gənclərin inkişafına kömək İB-nin sədri Əli
Mirzəyev
16. "Feniks" Sağlam Həyat Təbliği İB-nin sədri Şahin Hüseynov
17. “Təbiət Dostları” gənclərin ekoloji maariflənməsinə kömək İB-nin sədri Elman
Əsgərov
18. Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İB-nin sədri Emin
Əliyev
19. "Şəfəq" Ekoturizm İB-nin sədri Vamiq Babayev
20. "Dalğa" Ekologiya və Təbiətin Qorunması İB-nin sədri Natiq
Hətəmov
21. "Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İB-nin sədri Çingiz
Nəzərov
22. “Aran” ekoloji maarifləndirmə İB-nin sədri Nəsrəddin Kərəmov
23. “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İB-nin sədri
Taleh Şahsuvarov
24. “Ailə və Ətraf Mühit” İB-nin sədri İlhamə Qurbanova
25. “Ruzgar” Ekoloji İB-nin sədri İslam Mustafayev
Dumanlı Şuşa