Yazıçılar Birliyinin (AYB) Natəvan
klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan
Yazıçılar Birliyi və "Space" Müstəqil Teleradio Şirkətinin birgə
təşkilatçılığı ilə reallaşan və “Şuşa İli”nə həsr olunan layihə çərçivəsində 30
ölkədən 44 tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan
layihəyə 8 şair qoşulub.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu layihə ilə bağlı məlumat
verib. Bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki
yazıçılara müraciət edilib: “Sentyabrın 27-dən başlayaraq hər gün bir əcnəbi
yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə -
noyabrın 8-dək qədər davam edəcək”.
AYB-nin sədri, Xalq yazıçısı Anar
qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman
hadisələrin mərkəzində olub: “Yazıçılar Birliyi təbliğat işlərində hər zaman
olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi
təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.
“Space” Müstəqil Teleradio
şirkətinin prezidenti Müşfiq Hətəmov layihə barəsində məlumat verib. Deyib ki,
sözügedən layihə haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin
müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir
parçası olmasını bir daha bütün dünyaya sübut edəcək.
Mədəniyyət Nazirliyinin şöbə müdiri
Akif Marifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra
nazirlik tərəfindən çoxsaylı işlər görülüb: “Biz çalışırıq ki, Qarabağ
həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının
fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin
birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev diqqətə çatdırıb ki, tarixdə
yazıçıların yazdıqları qalır. Çünki yazıçının, şairin sözü əbədi yaşayır.
Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir.
Qeyd edək ki, “Şuşaya salam” layihəsi sentyabrın 27-dən noyabrın 8-dək davam edəcək.