Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan
günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun –
Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 30 illik zaman ayırır. Milli
Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai,
siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl
qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub
saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına
arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və
iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri
qoyuldu.
Xalqımız
artıq üç ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli
qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyevin olan
şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal
altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər
uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən
böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin
məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas
uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə
birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın
gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim
mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa
yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam
kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o
bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu Öndər
Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata
vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə,
Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə
dalğalanır.
AZƏRTAC 1993-cü il
iyunun 15-dən - Milli Qurtuluş Günündən başlayan və Azərbaycana tarixi uğurlar,
dinamik inkişaf, şanlı Zəfər qazandıran şərəfli yola qısa nəzər salır.
Heydər
Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik
tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda,
Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında
müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə
layiqli yerini tutması ilə səciyyələnir. Xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı,
qarantı kimi yazılıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş
verənlərə nəzər salmaqla Ulu Öndərin böyüklüyünü və dahiliyini əyani surətdə
görə bilərik.
XX əsrin
sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən
Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə
hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və
anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş
qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa
hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində
hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.
Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik
xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi
görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir
olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün
qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu
itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Azərbaycan
torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı,
getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan
xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu
şərtləndirirdi. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü
bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir.
Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun
9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya
gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.
Ümummilli
Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı,
gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm
addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində
ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan
qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol
açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət
nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən
təcavüzünün qarşısını almaq mümkün oldu.
Ulu Öndər
müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük
təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan
həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji
əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması
başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi
təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında
hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü
saldı”.
İyunun
15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim
həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr
olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün
səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi
və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə
atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin
imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə
başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə
Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını
Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
1995-ci
ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni
Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün
normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan
demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan,
hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə,
əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin
dəyişdiyi gündür.
Azərbaycanın
müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin
sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında,
xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük
ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin
təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən
biridir.
Türkiyə və
Azərbaycan arasında qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə
yüksəldən “Şuşa Bəyannaməsi”nin məhz Milli Qurtuluş Günündə imzalanması heç də
təsadüfi deyil. Bu hadisə Azərbaycan xalqının Vətən müharibəsindən sonra
yaranmış böyük ruh yüksəkliyini daha da alovlandırdı, dostlar üçün böyük
sevinc, düşmən üçün isə gözdağı oldu.
Qədirbilən
xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq
hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında
ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda
əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu
Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik
siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında
layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur.
Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə
kimi tanınır.
Son illər
Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib,
ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək
istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir.
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır,
texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi
deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı
dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.
Qarabağ
Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc
mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan
postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm
quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz
regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar
qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi
qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını
əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Dövlətimizin başçısının
bilavasitə nəzarəti ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı
bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsi Qarabağı və Şərqi Zəngəzuru
dünyanın ən gözəl guşələrindən birinə çevirəcək və bu, tariximizə daha bir uğur
səhifəsi kimi yazılacaq.
Göründüyü
kimi, Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə,
qələbədən-qələbəyə aparmaqdadır. Bu gün xalqımız əmindir ki, müstəqil
Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha yüksək zirvələr fəth edəcək.
Dumanlı Şuşa