"Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsi"nin imzalanmasının ikinci ildönümüdür.
Bu gün Bəyannamənin imzalanmasından iki il
ötür.
Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
“Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi
2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə
Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.
Prezident İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanandan sonra qüvvəyə minən
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyə dair bütün şərtləri
özündə ehtiva edir.
Şuşa Bəyannaməsində deyilir:
“Azərbaycan Respublikası və Türkiyə
Respublikası,
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa
şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,
İki dost və qardaş ölkə arasında imzalanmış
bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars
müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,
9 fevral 1994-cü il tarixində imzalanmış
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli
əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u,
eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım
haqqında Müqavilə”ni rəhbər tutaraq,
İki ölkə və onun xalqları arasındakı
dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik
səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və
mənafelərinə xidmət etdiyini vurğulayaraq,
Ümumi maraqların qorunmasında hər iki
ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial,
gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin
mühüm əhəmiyyətini dərk edərək,
Beynəlxalq hüququn prinsip və normalarına,
o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq
qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə
səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq,
Müştərək maraq kəsb edən regional və
beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə
əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,
Azərbaycan Respublikası və Türkiyə
Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən
məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım
prinsiplərindən çıxış edərək,
Türk dünyasının davamlı inkişafına yönəlmiş
qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında
səyləri birləşdirərək,
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa
Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın
milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq,
Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və
dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər:
Tərəflər iki dost və qardaş ölkə arasında
strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə
edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı
yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.
Tərəflər fəxarət hissi ilə bildirirlər ki,
Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30
ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan
azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa
olunmasını təmin etdi.
Azərbaycan Ermənistanın 30 illik təcavüzünə
son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi
dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və
təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin
bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması
və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam
etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar
Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.
Tərəflər Türkiyənin Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi
töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol
oynadığını vurğulayırlar.
Azərbaycan Respublikası və Türkiyə
Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq
prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi
və hüquqi mexanizmlərini müəyyən edirlər.
Tərəflər xarici siyasət sahəsində
əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata
keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
Tərəflər öz milli maraq və mənafelərini
müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər.
Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh,
dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf
etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və
sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
Tərəflər aktual xarakter kəsb edən,
qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı
dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə
ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı,
ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq
Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində
bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Tərəflərdən hər hansı birinin fikrincə,
onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq
təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım
göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən
müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə
ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və
idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.
Tərəflərin Təhlükəsizlik Şuralarının milli
təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və
bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və
beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.
Tərəflər iki qardaş ölkənin silahlı
qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi
istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Tərəflər minalanmış ərazilərin təmizlənməsi
əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın
normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.
Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi
təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə
təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə
fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah
və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli
struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər.
Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi
təlimlərin keçirilməsini dəstəkləyəcəklər.
Tərəflər milli və beynəlxalq öhdəliklərini
nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya
mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi
məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı
müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə
verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal
texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların
ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat
və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi
qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində
daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.
Tərəflər bildirirlər ki, iki dövlət
arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən
hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.
Tərəflər kiber təhlükəsizlik sahəsində
əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu
sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək,
qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.
Tərəflər ticarət-iqtisadi münasibətlərdə
milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv
sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı
faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində
səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst
hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər
görəcəklər.
Tərəflər regionun və Avropanın enerji
təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini
təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və
Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin
səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş
səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal
enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı
təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional
əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə
niyyətlərini ifadə edirlər.
Tərəflər iki ölkənin ərazisindən keçən
Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması
məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə
intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə
beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində
tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.
Tərəflər Azərbaycan və Türkiyəni
birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan
Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur
dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun
tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin
intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında
əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha
töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh
və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik,
sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.
Tərəflər regional və beynəlxalq sabitliyə
və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə
terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə,
həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa,
çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan
alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və
əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.
Azərbaycan Respublikası Türkiyə
Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün
fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir
və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə
dəstəkləyir.
Tərəflər müxtəlif ölkələrdə yaşayan
Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf
etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə
addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini
birləşdirəcəklər.
Tərəflər ölkələrinin təqdim edilməsi və
milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi
təşviq edəcəklər.
Tərəflər Ermənistanın Türkiyəyə qarşı
əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif
olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan
vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz
arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin
açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına
yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.
Tərəflər 10 dekabr 2020-ci il tarixində
imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media
sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq
Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin
aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya
sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər
nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və
mübadilələr həyata keçiriləcəkdir.
Tərəflər parlamentlərarası əməkdaşlığın
daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin
artırılmasını təşviq edirlər.
Tərəflər hər iki xalqın müştərək
dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin
edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata
keçirəcəklər.
Tərəflər Türk dünyasının birlik və rifahına
xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər.
Tərəflər Türk mədəni irsinin beynəlxalq
səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.
Tərəflər Türk həmrəyliyinin daha da
möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk
Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin
Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan
verəcəklər.
Tərəflər bir Tərəfin vətəndaşlarının digər
Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən
razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında
yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd
edərək, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ
əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq
tədbirlər görülməsini təqdir edirlər.
Tərəflər lazımi dövlət dəstəyini təmin
edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar,
sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində
daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin
aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata
keçiriləcəkdir.
Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il
tarixində, Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanb,
bütün mətnlər bərabər autentikdir”.