Əsas (baza ali) tibb təhsili əsasında
rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin
qeydiyyatı 20 iyundan 4 iyul saat 23:59-dək internet vasitəsi ilə aparılır.
DİM-dən verilən xəbərə
görə, 2023-cü ilin may ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün
sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri
təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN)
əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov)
daxil olmaqla qeydiyyatdan keçirlər.
Rezidenturaya qəbul imtahanın
1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən
namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər
Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”
yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb
olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba
məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet
səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə
daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər
(etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş
hesab olunurlar.
Məlumat üçün
qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci
cəhdinin iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanının isə avqustun 13-də keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə
100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test
tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin
imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər
buraxılırlar.
İmtahan
suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və
rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 17 aprel – 1 may
tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün
iyunun 20-dən iyulun 4-dək ərizə verməlidirlər.
Baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin
III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Onlar da iyunun 20-dən
iyulun 4-dək qeydiyyatdan keçib iştirak edə bilərlər. Baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya
qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam
bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2023, səh.
2).
Baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin
nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.