Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20
sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror
tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa
olunmuşdur.
Səhiyyə Nazirliyindən
verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180
nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi
qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyəti Məhkəmə
Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra
müəyyənləşdiriləcəkdir.
Eyni zamanda, lokal
antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs
yaralanmışdır.
Yaralıların ən qısa zamanda
müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və
bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz
sağlamlıqlarına qovuşmasını arzu edirik.
Azərbaycan Respublikasının
ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi
qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin
hüznlə başsağlığı veririk.
Allah bütün şəhidlərimizə
rəhmət eləsin.