Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Dövlət
Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Beynəlxalq Qırmızı Xaç
Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Minatəmizləmə Agentliyinin
əməkdaşları ilə birlikdə həyata keçirilən axtarış tədbirləri nəticəsində
işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan
ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb.
Bunu Respublika Hərbi prokuroru
Xanlar Vəliyev rəsmi mətbuata müsahibəsində deyib.
O bildirib ki,
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin
iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr
götürülüb və həmin nümunələrdən çıxarılan genetik profillərin aşkar edilmiş
insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə
aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə
şəxsə mənsub olması, ölümün səbəbi və sair suallara aydınlıq gətirilməsi üçün
Respublika Hərbi Prokurorluğu tərəfindən 349 məhkəmə tibbi kriminalistik
ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.