Xocavənd rayonu ərazisində 4 ədəd körpünün alt
və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular
aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan
Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə
məlumatında bildirilib.
Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon
xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən
körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə
tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və
elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.
Belə ki, körpülərin alt və yan tərəflərinə hər
biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və
partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə
minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi,
texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.