Şuşa +9 °C  
“Heydər zirvəsi”nə yürüş təşkil edilib

“Heydər zirvəsi”nə yürüş təşkil edilib

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər zirvəsi”nə yürüş təşkil edilib.

Təşkilatdan  bildiriblər ki, Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə reallaşdırılan “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihənin icrasını davam etdirir.

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, jurnalistlər, blogerlər və qazilər yürüşdən öncə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Zirvəyə Xınalıq kəndi yaxınlığından başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ndə başa çatıb. Yürüş iştirakçıları çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olublar.

Yürüşdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müşaviri Firdovsi Əliyev və Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş tədbirin mənəvi əhəmiyyətindən danışıblar.

Zirvədə qazi-xanəndə Əvəzxan Əzizov Ulu Öndərin xatirəsinə həsr olunan “Sən elə bir zirvəsən” mahnısını ifa edib.

Qeyd edək ki, yürüş zamanı aparılan çəkiliş əsasında qısametrajlı sənədli film hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.