Şuşa +9 °C  
Üzeyir Hacıbəyovun əşyalarını Şuşadan çıxaran fədakar

Üzeyir Hacıbəyovun əşyalarını Şuşadan çıxaran fədakar

Nəsibə Eyvazova: “Eksponatları nümayiş etdirəndə deyirdim ki,  bu əşyalar bir ovuc  Şuşa torpağından can alır”

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi​ Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə​ “Şuşanı tanıyaq, tanıdaq!”​ adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində loveshusha.com saytı yaradılıb və sayt  üç - azərbaycan, rus və ingilis dillərində  fəaliyyətə başlayıb. Sayta əsasən Şuşanın keçmişi, bu günü və şuşalılarla bağlı  məlumatlar yerləşdiriləcək. “Şuşa ili” çərçivəsində loveshusha.com saytı şuşalılardan müsahibələrə, onların xatirələrinə də üstünlük verəcək. Loveshusha.com-un növbəti müsahibi  Üzeyir Hacıbəyovun Şuşadakı ev  muzeyinin direktoru  Nəsibə Eyvazovadır.

-  Sizinlə müsahibəyə hazırlaşanda oxuduğumuz məqalə və müsahibələrin hər birində sizin  Üzeyir bəy müsiqisinə, yaradıcılığına  vurğunluğunuz hiss edilir...

-  Düzdür.  Məhz bu amil məni Şuşada fərəhlə işləməyə vadar edirdi. Ümumiyyətlə dahi insanlara olan sevgi, məhəbbət bizim ailədən gəlir, obrazlı desək  qanımıza işləyib.  1982- ci ildən 1992-ci ilə qədər Şuşada Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru olmuşam.  Muzey 1959-cu ildə dahi şəxsiyyətin adını əbədiləşdirmək üçün açılıb.

Mən muzeyə direktor təyin olunana qədər  burada  yalnız  Üzeyir Hacıbəyovun kitabları, əlyazmalarının nüsxəsi vardı. Yəni şəxsi əşyaları yox idi. Amma mənim təyinatımdan sonra Üzeyir Hacıbəyovun Bakıdakı ev muzeyi ilə sıx əlaqə qurdum və  bəstəkarın  qohumlarında qalan şəxsi əşyaları alıb Şuşadakı muzeyə gətirdim.

-  Şuşanı tərk edərkən  əşya və eksponatları  necə çıxardınız?

-  Vəziyyət günbəgün pisləşirdi. Son günlərdə evakuasiya başladı və Şuşa sakinləri şəhərdən  çıxarıldı.  O günlərdə rəhbərliyə müraciət etdim ki, bəs muzey dağıla bilər, bu əşyaları Bakıdan əziyyətlə gətirmişəm. Dedilər  muzey əşyaları üçün Şuşa  həbsxanasında bir otaq ayıraq, razılaşmadım.  Muzeylər haqında qanunvericiliyə əsasən mədəniyyət nazirinin əmri olmadan heç bir əşyanı bir yerdən digər yerə aparmağa  icazə  yoxdur. Mən heç kimdən icazə öz almadan əşyalarımızla birgə muzey əşyalarını götürüb Şuşanı tərk etdik.



Bir sözlə mən qanunvericiliyi pozub, necə deyərlər əşyaları oğurlayaraq Şuşanı tərk etdim. Ən ağrılısı bilirsinizmi nə idi?  Bir ovuc torpaq götürməyim.  Torpağı götürəndə ağlaya- ağlaya dedim ki, aparıram, əmanətdir, qaytaracam. Həqiqətən bu torpaq mənə o qədər əziz, doğma olub ki...


Həmişə eksponatları nümayiş etdirəndə deyirdim ki, bu əşyalar o bir ovuc  Şuşa torpağından can alır.  Öz canını götürüb gedirsən, amma dahi şəxsiyyətin ikinci dəfə olmayacaq əşyasını orda qoyursan... Bu, vicdansızlıq olardı.  Üzeyir bəyin uşaqlıq geyimini, paltosunu, kostyumunu, ilk çaldığı skripkasını, qələmdan, şamdan, anasının gəlinlik paltarını götürdüm.





O vaxtlar Şuşada xalça muzeyində Üzeyir bəyin əsərlərini əks etdirən xalça toxunmuşdu. Onu vermişdilər ki,  biz nümayiş etdirək. Sahibinə qaytarmaq mənim mənəvi borcum idi.  Mən onu da götürdüm və sahibinə, Xalça Muzeyinə qaytardım. Ola bilər kimsə dəyərləndirdi, kimlərsə də dəyərləndirmədi, amma mən qürurla deyirəmki, erməni vandalları Üzeyir bəyin heç bir şəxsi əşyasını ələ keçirə bilmədi.  Əşyalarla bərabər əlyazmaları, dahi bəstəkarın öz imzası  ilə hədiyyə olunmuş kitabları, plastinkaları da çıxarmışam və nə yaxşı ki, mən o çətin günlərdə belə bir qərar vermişəm.

- Şuşanın işğaldan azad olunması xəbərini necə qarşıladınız?

- Açığı, etiraf edim ki, ümidlərim ölmüşdü. İnanmırdım Şuşa işğaldan azad olunar. Ancaq müharibə başladı. Qulağımız cəbhədən gələn xəbərlərdə idi.  Azad olunan yerlərin adları açıqlananda fərəhlənirdim. Bu məmin üçün ikiqat fərəh idi. Övladım Nicat Eyvazlı Füzulidən Şuşaya qədər döyüşdü. 8 gün ondan xəbər ala bilmədim. Dövlət başçısının müraciətləri ümid yerimizə çevrilmişdi. Bir gün televiziyada xəbər verildi ki,  prezidentin xalqa müraciəti olacaq. Həmin müraciətdə Ali baş komandan Şuşanın işğaldan azad edildiyini açıqladı (ağlayır - red). Qışqırmaq istədim, səsim boğazımda quruyub qaldı. Bu xəbərin üstündən  iki  saat keçəndən sonra övladımdan da xəbər gəldi. Ağır yaralanmışdı.  Şükrlər olsun bu günə. Prezidentin fərmanı ilə 6 medalla təltif edildi oğlum.


- Şuşa erməni işğalından azad ediləndən sonra ziyarətə gedə bildinizmi? 

- Şuşa işğaldan azad ediləndən sonra iki dəfə ziyarət etmişəm. İlk dəfə Cıdır düzünə qalxanda hiss etdim ki qocalmışam. Axı mən ordan çıxanda o qayadan bu qayaya atlanırdım. İndi tuturdum ki,  yıxılmayım. 30 il ərzində atalı-analı dünyamı itirdim. Gəncliyimi itirdim.  Fəxr edirəm ki, bu illəri Üzeyir bəyə həsr etmişəm.  Amma hər zaman kimlərinsə kölgəsində qaldım. Çox heyf. Bir dəfə  keçmiş mədəniyyət naziri  Əbülfəs Qarayevlə görüşdüm.  Gördüyüm işlər  haqqında ona məlumat verdim. Dedi, narahat olma,  get evə otur, bir həftə sonra sizin adınız da olacaq, mükafatınız da.  Amma olmadı.  Eybi yox.  Mən əsas adımı Allahın qarşısında, Üzeyir Hacıbəyovun ruhunun qarşısında almışam.  Dövlətim üçün etmişəm hər şeyi. Alnım açıqdır. Torpağım qayıdıb. Əsas qiymətləndirmə bax budur.  


- Muzeyin bərpası gözlənilirmi?

- Heydər Əliyev Fonduna   dəvət edib fikirlərimi öyrəniblər. Muzey əvvəlki vəziyyətində bərpa olunacaq və təkcə azərbaycanlılar yox, dünyanın müxtəlif yerlərindən gələn turistlər Üzeyir  bəyin ocağını ziyarət edəcəklər.




Aytən  Əhmədova,  Kərəm  Ələsgərov