Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən tərtib edilən “Şuşa-270” adlı biblioqrafik göstərici işıq üzü görüb. Bu barədə nəşriyyatım direktoru Səbuhi Qəhrəmanov məlumat verib. Onun sözlərinə görə, biblioqrafiya “Şuşa İli”nə töhfə olaraq hazırlanıb və MEK-in fondlarında qorunan materiallar əsasında tərtib olunub. Biblioqrafik göstəriciyə Şuşanın tarixinə, coğrafiyasına, maddi-mənəvi abidələrinə, ədəbi mühitinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş mənbələr daxil edilib. Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, tərtibçiləri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova və Nərgiz Novruzovadır. Göstəricidə materiallar xronoloji əlifba qaydası ilə verilib. Həmçinin istifadəni asanlaşdırmaq məqsədi ilə Şuşa haqqında kitabların və müəlliflərin əlifba göstəricisi tərtib olunub. Nəşr tədqiqatçı alimlər, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.